Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya cümə günü Yəmənin qərbində yerləşən Hudeydə vilayətində İranın dəstəklədiyi husilərin — “Ənsar Allah” qruplaşmasının hərbi obyektlərinə zərbələr endirib. Bu barədə “Reuters” məlumat yayıb.
Səudiyyə tərəfi bildirib ki, həmin obyektlər kommersiya gəmiçiliyinə təhlükə yaratmaq üçün istifadə olunub.
Husilərlə əlaqəli “Əl-Məsirə” telekanalı zərbələrin Hudeydə şəhərindəki dövlət telekommunikasiya korporasiyasının obyektlərinə və Qırmızı dənizdə yerləşən Kamaran adasına endirildiyini bildirib.
Səudiyyə koalisiyasının sözçüsü Turki əl-Maliki qeyd edib ki, Hudeydə limanı hücumun hədəfi olmayıb.
Onun sözlərinə görə, Hudeydə, Ras-İsa və Salif limanları kommersiya gəmiləri üçün açıq olaraq qalır.
Koalisiya husilərin hücumları davam edəcəyi təqdirdə “güzəştsiz cavab” veriləcəyini bəyan edib.

