Türkiyənin paytaxtı Ankarada CHP-nin nəzarətində olan Etimesgut Bələdiyyəsində korrupsiya şübhələri ilə bağlı geniş əməliyyat keçirilib.
İstintaq çərçivəsində bələdiyyə sədri Erdal Beşikçioğlu da daxil olmaqla ümumilikdə 52 nəfər saxlanılıb.
Şübhəlilərlə əlaqəli ünvanlarda aparılan araşdırmalar davam edir. Hüquq-mühafizə orqanları tərəfindən 56 yaşayış evində, 15 iş yerində və 41 avtomobildə axtarış və sübutların götürülməsi tədbirləri həyata keçirilir.
Araşdırmanın əsası bu ilin martında qoyulub. Ankara Qərb Prokurorluğu Sayıştayın yoxlamaları zamanı Etimesgut Bələdiyyəsi və ona bağlı Etimkent A.Ş. şirkətində müəyyən edilən qanun pozuntuları ilə əlaqədar “mənimsəmə” maddəsi üzrə cinayət işi açmışdı.
Erdal Beşikçioğlu əvvəlki açıqlamasında araşdırmaya səbəb olan müraciətin bələdiyyənin öz təşəbbüsü ilə edildiyini bildirmiş və prosesin siyasi məqsəd daşımadığını vurğulamışdı.



