İsrail ordusu Livanın cənubunda “Hizbullah” hərəkatının istifadə etdiyi geniş yeraltı tunel şəbəkəsini partladaraq məhv edib.
“The Times of Israel” nəşrinin İsrailin baş naziri və müdafiə nazirinin birgə bəyanatına istinadən yaydığı məlumata görə, tunellər orta əsrlərə aid Bofor qalasının xarabalıqları yaxınlığında yerləşib.
Bəyanatda bildirilir ki, yeraltı qurğuların məhv edilməsi üçün təxminən 700 ton partlayıcıdan istifadə olunub. Əməliyyatın İsrail Müdafiə Qüvvələrinin Livanın cənubundakı “Hizbullah” infrastrukturunu sıradan çıxarmaq məqsədilə apardığı sistemli fəaliyyətin bir hissəsi olduğu qeyd edilir.
İsrail hakimiyyəti əməliyyatı “Hizbullah”ın atəşkəs razılaşmasını kobud şəkildə pozmasına cavab kimi təqdim edib. Təl-Əvivin iddiasına görə, məhv edilən tunellər qruplaşmanın İsrailin şimalına mümkün hücum planlarında mühüm rol oynayıb.
İsrail ordusunun mətbuat xidməti tunellərdə komanda məntəqəsinin yerləşdiyini, onlarla pilotsuz uçuş aparatı və raketin İsrail ərazisinə buraxılmasının buradan koordinasiya edildiyini bildirib.

