Avropa ölkələrində sosial bərabərsizliyin artması fonunda irqçilik və ksenofobiyanın gücləndiyi bildirilir.
Şotlandiyalı siyasi fəal, Böyük Britaniyanın Özbəkistandakı keçmiş səfiri Kreyg Mürrey RİA Novosti-yə açıqlamasında deyib ki, İkinci Dünya müharibəsindən sonra Qərb ölkələri daha sosialyönümlü modelə doğru irəliləsə də, bu gün insanların həyat səviyyəsinin davamlı yüksələcəyinə dair gözləntilər zəifləyib.
Onun fikrincə, bu proses ictimai tərəqqinin dayanmasına, arxaik düşüncənin və yadlara qarşı nifrətin güclənməsinə səbəb olub.
Mürrey bildirib ki, “gec kapitalizm” şəraitində dövlət siyasəti sərvətin çox dar bir qrupun əlində cəmlənməsinə xidmət edir.
O, həmçinin Avropada ksenofob əhval-ruhiyyənin artmasını Ukrayna ətrafındakı gərginliyin səbəblərindən biri kimi qiymətləndirib. Mürreyin sözlərinə görə, xüsusilə Şərqi Avropada güclənən bu atmosfer rus mədəniyyətinə və rusdilli ukraynalılara qarşı tədbirlərə yol açıb, bu da əvvəlcə daxili qarşıdurmaya, daha sonra isə daha geniş münaqişəyə gətirib çıxarıb.

