Böyük Britaniya Kralı III Çarlzın kiçik qardaşı, keçmiş şahzadə Endryu Londonda dələduzluqla bağlı mülki iş üzrə şahid qismində məhkəməyə çağırılıb. Bu, son 156 ildə Britaniya kral ailəsinin üzvü ilə bağlı ilk belə haldır.
NBC News xəbər verir ki, Endryu Mauntbetten-Vindzora London Ali Məhkəməsinin hakimi Adam Consonun müvafiq qərarından sonra məhkəməyə çağırış vərəqəsi təqdim olunub.
Məhkəmə işi türkiyəli milyonçu Nebahat Evyap İşbilenin keçmiş maliyyə müşaviri Selman Türkə qarşı qaldırdığı iddia ilə bağlıdır.
İşbilen iddia edir ki, Türk onun sərvətindən on milyonlarla funt sterlinqi mənimsəyib.
Məhkəmə çəkişməsinin əsas mübahisəli məqamlarından biri 750 min funt sterlinqlik pul köçürməsidir. Endryu həmin vəsaiti 2019-cu ildə alıb, 2021-ci ildə isə geri qaytarıb.
Keçmiş şahzadə məhkəmə prosesində tərəf deyil və ona qarşı hər hansı ittiham irəli sürülməyib.
Endryunun şahid qismində dindirilməsini məhz Selman Türk tələb edib. O, 750 min funt sterlinqin İşbilen tərəfindən könüllü şəkildə verildiyini iddia edir.
Türkün sözlərinə görə, qadın keçmiş şahzadənin nüfuzundan və əlaqələrindən istifadə edərək Türkiyədə həbsdə olan həyat yoldaşına kömək göstərə biləcəyinə ümid edib.
İşbilenin vəkilləri bu hadisəni 1870-ci ildə gələcək Kral VII Eduardın boşanma işi üzrə məhkəmədə ifadə verməsi ilə müqayisə ediblər.
Endryunun dekabrın 14-də şəxsən və ya videobağlantı vasitəsilə məhkəmədə ifadə verəcəyi gözlənilir. Bununla belə, onun çağırış qərarından şikayət etmək hüququ var.
Xatırladaq ki, ötən il Kral III Çarlz qardaşının Ceffri Epşteynlə əlaqələri ətrafında yaranan qalmaqal fonunda onu şahzadə titulundan məhrum edib.

