Toyuq ətini bişirməzdən əvvəl yumaq təhlükəli bakteriyaların mətbəxə yayılmasına və ciddi qida zəhərlənməsinə səbəb ola bilər.
Bu barədə dietoloq Olqa Redina “Podmoskovye Seqodnya” nəşrinə açıqlamasında xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, çiy toyuq əti suyun altında yuyularkən bakteriyalar suyun xırda damcıları ilə birlikdə ətrafa yayılır. Bu proses aerozollaşma adlanır.

Zərərli mikroorqanizmlər mətbəx masasının səthinə, divar örtüyünə, təmiz qablara, qab süngərlərinə, digər qida məhsullarına, geyimlərə və əllərə keçə bilər.
“Toyuq ətini axar suyun altında yuduqda aerozollaşma prosesi baş verir. Bakteriyalar suyun mikroskopik damcıları ilə birlikdə mətbəxə yayılır. Bu, çarpaz çirklənmə adlanır. Toyuğu tam bişirsəniz belə, su sıçrantıları vasitəsilə tərəvəz doğranan taxtaya və ya bıçağa keçən bakteriyalar ağır qida zəhərlənməsinə səbəb ola bilər”, – deyə Redina izah edib.

