Türkiyənin paytaxtı Ankarada gecə klublarında keçirilən polis əməliyyatları zamanı əxlaq normalarını və ictimai təhlükəsizlik qaydalarını pozmaqda şübhəli bilinən 34 Rusiya vətəndaşı saxlanılaraq deportasiya mərkəzinə yerləşdirilib.
Bu barədə Rusiyanın Türkiyədəki səfirliyindən məlumat verilib.
Oktyabrın 23-də Ankaranın “Maksim”, “Havana” və “Foliberjer” gecə klublarında keçirilən reydlər zamanı əksəriyyəti MDB ölkələrinin vətəndaşları olan 100-dən çox qadın saxlanılıb. Onlardan 34-ü Rusiya vətəndaşıdır.
Hazırda saxlanılan rusiyalı qadınlar Ankaradakı “Akyurt” deportasiya mərkəzində saxlanılırlar. Onların mobil telefonları əllərindən alınsa da, stasionar telefon vasitəsilə yaxınları ilə əlaqə saxlamalarına icazə verilib.
“Baza” teleqram kanalının məlumatına görə, qadınlara işə qəbul zamanı aylıq 2500 dollaradək əməkhaqqı, iş vizası və beşulduzlu hoteldə qalmaq imkanı vəd olunub.
Onlara rəqqasə, müğənni və ya DJ kimi işləmək təklif edilib. Lakin Türkiyəyə gəldikdən sonra məlum olub ki, qadınlardan səhnə çıxışları ilə yanaşı, müştərilərlə vaxt keçirmək və onlarla birlikdə spirtli içki qəbul edərək daha çox pul xərcləməyə təşviq etmək də tələb olunur.
Rusiyanın Türkiyədəki səfirliyi saxlanılan vətəndaşlarla konsulluq əlaqəsinin təmin edilməsi üçün diplomatik tədbirlər görüldüyünü təsdiqləyib.
Türkiyə rəsmiləri saxlanılmalara səbəb kimi əxlaq normalarının və ictimai təhlükəsizlik qaydalarının pozulması ilə bağlı şübhələri göstəriblər.

