ABŞ-li “qar adamı” ovçusu Çarlz Stüart məşhur Kornell Universitetini Biqfutla bağlı həqiqəti gizlətməkdə ittiham edib.
New York Post yazır ki, Stüart 2024-cü ildə Nyu-York ştatının şimalındakı Adirondak dağlarında nəhəng, tüklü və insana bənzər varlığın qalıqlarını tapdığını iddia edib.
O, iyulun əvvəlində bildirib ki, guya Kornell Universitetinin mütəxəssisləri qalıqlar üzərində DNT analizi aparıb və nəticədə varlığın 58,5 faiz neandertal, 41,2 faiz isə insan mənşəli olduğu müəyyənləşib.
Lakin universitet bu məlumatı qəti şəkildə təkzib edib. Kornell nümayəndələri nəşrə bildiriblər ki, Stüart üçün heç bir araşdırma aparılmayıb və ona heç bir hesabat təqdim edilməyib.
Universitet həmçinin onun saytında yayımlanan sənədi saxta hesabat adlandırıb.
Bundan sonra Stüart alimlərin həqiqəti ört-basdır etməyə çalışdığını deyib:
“Kornell açıq-aşkar yalan danışır. Məni susdura bilməyəcəklər.”
O, öz iddialarını sübut etmək üçün sənədli film yayımlayacağını və filmdə guya DNT araşdırmasında iştirak etmiş universitet əməkdaşı ilə müsahibənin də yer alacağını bildirib.

