Kanadanın qərbində baş verən güclü meşə yanğını yerli xalqlara məxsus icmada təxminən 230 evi məhv edib.
AP yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, yanğın Vankuver şəhərindən təxminən 440 kilometr şimal-şərqdə yerləşən Vernon şəhəri yaxınlığındakı Okanagan rezervasiyasının böyük hissəsini əhatə edib.
İcma rəhbəri Den Uilson bildirib ki, ərazi havadan yoxlanılarkən demək olar ki, tamamilə yanmış vəziyyətdə olub.
Yanğın cümə günü gecə saatlarında başlayıb və saatda 115 kilometrə çatan küləyin təsiri ilə sürətlə yayılıb. Bəzi sakinlərin təxliyə üçün cəmi bir neçə dəqiqəsi olub.
Aviasiya yanğınsöndürmə qüvvələri uşaq bağçası və yeni tikilmiş məktəb də daxil olmaqla, infrastrukturun bir hissəsini qorumağa nail olublar.
Britaniya Kolumbiyası hakimiyyətinin məlumatına görə, əyalətdə təxminən 8 min nəfər təxliyə edilib. Çərşənbə axşamı səhər saatlarında 37 təxliyə əmri qüvvədə olub.
Britaniya Kolumbiyasının Meşə Yanğınları Xidmətinin məlumatına əsasən, regionda təxminən 120 yanğın ocağı aktivdir, onlardan 50-yə yaxını nəzarətdən çıxıb.
Böyük yanğın ocaqları Boston-Bar, Klinton və Kimberli yaşayış məntəqələri ətrafında qeydə alınıb.

