2026-cı ilin ən diqqətçəkən səma hadisələrindən biri olan tam Günəş tutulması İslandiyada müşahidə edilib. Ayın Günəşin qarşısını tamamilə örtməsi ilə ölkənin qərb bölgələrində gündüz saatlarında ətraf qaranlığa bürünüb.
Görüntülərdə səmanın tədricən qaraldığı, tam tutulma başa çatdıqdan sonra isə Günəş işığının yenidən göründüyü əks olunub.
Reuters-in məlumatına görə, Reykyavikdə hava buludlu olsa da, tam tutulmanı izləyən insanlar hadisəni böyük coşqu ilə qarşılayıblar. Paytaxtda tam tutulma təxminən 1 dəqiqə, İslandiyanın qərb bölgələrində isə 2 dəqiqədən çox davam edib.
Nadir səma hadisəsini izləmək üçün İslandiyaya 80 minədək insanın gəldiyi təxmin edilir.
12 avqustda baş verən tam Günəş tutulması İslandiya ilə yanaşı, Qrenlandiya, İspaniyanın şimalı və Portuqaliyanın bəzi bölgələrində də müşahidə olunub. Avropanın bir çox digər bölgəsində isə qismən tutulma qeydə alınıb.




