Rusiya və Ukrayna həlak olan hərbçilərin meyitlərinin növbəti mübadiləsini həyata keçirib.
RBC-yə açıqlamasında Rusiya Dövlət Dumasının deputatı Şamsail Saraliyev bildirib ki, Rusiya tərəfi 261 meyiti Ukraynaya təhvil verib, Ukrayna isə 24 meyiti Rusiyaya qaytarıb.
Bundan əvvəl meyitlərin mübadiləsi 16 iyulda baş tutub. Həmin vaxt Rusiya 31, Ukrayna isə 501 meyit alıb. İyun ayında Ukraynaya 522, Rusiyaya 33, mayda isə müvafiq olaraq 528 və 41 meyit təhvil verilib.
Tərəflər arasında son əsir mübadiləsi 26 iyunda keçirilib və hər iki tərəf 160 hərbçini qarşılıqlı şəkildə təhvil verib.
Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə, 2025-ci ilin əvvəlindən Moskva Kiyevə 20 mindən çox meyit qaytarıb, əvəzində isə 500-dən bir qədər çox meyit alıb.

