İsveçrənin bir sıra kantonlarında güclü quraqlıq səbəbindən əhalinin sudan istifadəsinə məhdudiyyətlər tətbiq edilib. Blick nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, sakinlərə qazonları sulamaq, avtomobilləri yumaq və hovuzları doldurmaq qadağan olunub.
“Aarqau kantonunun bir çox bələdiyyəsi sakinləri sudan qənaətlə istifadə etməyə fəal şəkildə çağırır. Digərləri, xüsusilə kantonun cənub və qərb hissələrində yerləşən bələdiyyələr isə daha da irəli gedir”, – deyə nəşr yazıb.
Daha sərt tədbirlər sırasında qazonların suvarılması, avtomobillərin yuyulması və hovuzların doldurulmasına qoyulan qadağalar nəzərdə tutulur.
Bundan əlavə, iyunun ortalarından etibarən ölkənin əksər çay və dərələrindən su götürülməsinə də məhdudiyyət qoyulub. Bu vəziyyət kənd təsərrüfatında ciddi çətinliklər yaradıb – çəmənliklər və otlaqlar quruyub.
Ölkə üzrə quraqlıqla bağlı ən yüksək təhlükə səviyyəsi qüvvədə qalır.
Quraqlıq İsveçrənin Sürix şəhərində də özünü göstərib. Sürix gölündə suyun səviyyəsinin aşağı düşməsi gəmiçilik şirkətlərinin planlarını dəyişməsinə səbəb olub, bəzi su tədbirləri isə ləğv edilib.
Bundan başqa, Vezen bələdiyyəsi sakinlərə hətta içməli sudan istifadənin də məhdudlaşdırılması çağırışı edib.

