ABŞ süni intellekt sahəsində əməkdaşlıqla bağlı 35 ölkəni Vaşinqton və Pekin arasında seçim etməyə çağırmağa hazırlaşır. Reuters bu barədə ABŞ rəsmisinə və daxili sənəd layihəsinə istinadən məlumat yayıb.
ABŞ Dövlət Departamenti 35 xarici ölkəyə ünvanlanması nəzərdə tutulan xüsusi məktub layihəsi hazırlayıb.
Siyahıya süni intellekt modellərinin, yarımkeçiricilərin və kritik mineralların tədarükünün təhlükəsizliyinə yönəlmiş Pax Silica təşəbbüsünün iştirakçıları, eləcə də texnologiya sahəsində tərəfdaşlıqda maraqlı olan digər dövlətlər daxil edilib.
Məktub layihəsində açıq şəkildə bildirilir ki, ABŞ-la əməkdaşlığı və digər dövlətlərin alternativ layihələrində iştirakı eyni vaxtda həyata keçirmək mümkün deyil.
“Hər şeyin bir hissəsi olmaq heç nəyin bir hissəsi olmamaq deməkdir”, – deyə sənəddə qeyd olunub.
ABŞ Dövlət Departamenti vurğulayıb ki, təşəbbüsə qoşulmaq ölkələrdən üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyi tələb edir və paralel, eyni məqsədli strukturlarda üzvlüyə imkan vermir.
Sənəddə Çin birbaşa adlandırılmasa da, tərəfdaş ölkələr texnoloji sahədə kimlərlə əməkdaşlıq etdiklərinə şüurlu yanaşmağa çağırılır.
ABŞ Dövlət Departamentinin nümayəndələri isə jurnalistlərin suallarını cavablandırarkən daxili sənədlərin sızması ilə bağlı şərh verməkdən imtina ediblər.

