İran Silahlı Qüvvələrinin Baş Qərargahının itkinlərin axtarışı komitəsinin rəhbəri, briqada generalı Məhəmməd Baqırzadə 3 iranlı pilotun 6 aydır Qətər tərəfindən əsir saxlanıldığını iddia edib.
Baqırzadənin Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbəri Miryana Şpolyarik Eggerə ünvanladığı məktuba görə, martın 2-də iki Su-24 döyüş təyyarəsi vurulub. Pilotlar katapult vasitəsilə təyyarələrdən çıxıblar. Onlardan biri həlak olub, üç pilotun isə Qətər qüvvələri tərəfindən sağ ələ keçirildiyi bildirilir.
İranlı general iddia edib ki, pilotların ailələri və aidiyyəti şəxslərlə əlaqə saxlamasına icazə verilməyib. O, Beynəlxalq Qızıl Xaç Komitəsini pilotlarla görüşməyə və onların azad olunmasına yardım etməyə çağırıb.
Bu arada İran ABŞ-la bağlı “atəşkəsin uzadılması” məsələsinin gündəmdə olmadığını açıqlayıb. Xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran 17 iyunda əldə olunan razılaşmanı atəşkəs deyil, “müharibənin sona çatması” kimi qiymətləndirir.
ABŞ Prezidenti Donald Tramp isə daha əvvəl Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini bildirib. İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi buna cavab olaraq bəyan edib ki, Hörmüz boğazını “nə tvitlə, nə təyyarədaşıyan gəmi ilə, nə də əmrlə ələ keçirmək mümkündür”.

