Qətər hakimiyyəti ölkənin İrana qarşı mümkün zərbələrdə iştirak etməyə hazır olduğu barədə yayılan məlumatları təkzib edib.
Qətərin Beynəlxalq Media Ofisinin açıqlamasında bildirilib ki, İsrail mediasında yayılan və Dohanın İran İslam Respublikasına qarşı hərbi əməliyyatlara qoşulmağa razılıq verdiyini iddia edən xəbərlər həqiqəti əks etdirmir.
Qətər tərəfinin mövqeyinə görə, bu cür məlumatları yayan qüvvələr ölkəni regional münaqişəyə cəlb etməyə, ABŞ və İran arasında vasitəçilik rolunu zəiflətməyə və bölgədəki gərginliyi daha da artırmağa çalışırlar.
Açıqlamada vurğulanıb ki, Doha qonşu dövlətlərə qarşı hər hansı hərbi əməliyyatda iştirakdan imtina etdiyini dəfələrlə bəyan edib.
Qətər hakimiyyəti həmçinin bildirib ki, yanlış məlumatların diplomatik həll səylərinə mane olmasına imkan verilməyəcək. Doha regional və beynəlxalq tərəfdaşlarla birlikdə münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində fəaliyyətini davam etdirəcək.

