İsraildə oktyabrın 27-də keçiriləcək seçkilər yaxınlaşdıqca Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyasının Təl-Əvivdə reklam lövhələrinə yerləşdirdiyi təbliğat afişləri diqqət çəkib. Haberler yazır ki, afişlərdə Prezident Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla bir sıra regional və beynəlxalq siyasətçilər hədəf alınıb.
Afişadakı adlar və diqqətçəkən şüar
Seçki öncəsi təbliğat kampaniyalarının sürətləndiyi İsraildə “Likud” partiyasının Təl-Əviv küçələrində yerləşdirdiyi yeni afişlər müzakirələrə səbəb olub.
Hazırlanan reklam lövhəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İranın lideri Müctəba Xamenei, “Hizbullah”ın baş katibi Naim Qasım və Nyu-York meri Zöhran Mamdaninin fotoları yanaşı yerləşdirilib.
Afişadakı şəxslərin yer aldığı lövhədə seçicilərə müraciətlə belə yazılıb:
“Onlar Netanyahunun məğlub olmasını istəyirlər. Onların qalib gəlməsinə imkan verməyin.”

Məqsəd seçici bazasını birləşdirməkdir
İsraildə oktyabrın 27-də keçiriləcək seçkilər ərəfəsində yerli siyasətçilərin Türkiyə və Prezident Ərdoğanı hədəf alan açıqlamalarında artım müşahidə olunur.
“Likud” partiyasının xüsusilə seçki dövrlərində və siyasi böhranlar zamanı bu cür təbliğat üsullarından istifadə etdiyi bildirilir.
Sözügedən afiş kampaniyasının əsas məqsədinin İsrail ictimaiyyətində mübahisələrə səbəb olan regional liderləri və siyasətçiləri eyni görüntüdə təqdim etməklə təhlükəsizlik yönümlü siyasi atmosfer yaratmaq və partiyanın seçici bazasını səfərbər etmək olduğu qeyd olunur.
Bu strategiya ilə siyasi və təhlükəsizlik böhranlarının yaratdığı atmosferdən istifadə edilərək “Likud”un tərəfdarlarının ətrafında daha güclü birlik formalaşdırılmasının hədəfləndiyi bildirilir.

