Fransada Prezident Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun cinsi mənsubiyyəti ilə bağlı araşdırma aparan jurnalist Nataşa Rey xərçəng xəstəliyindən vəfat edib.
Bu barədə jurnalistin həmkarı Ksavye Pussar sosial şəbəkədə məlumat yayıb.
“Dərin kədər hissi ilə öyrəndik ki, Nataşa Rey sentyabrın 13-də xərçəng xəstəliyindən vəfat edib”, – Pussar yazıb.
O, jurnalistin dəfn mərasiminin cümə günü Fransanın qərbində yerləşən Sent şəhərində keçiriləcəyini bildirib.
Reyin vəkili Fransua Danqlean daha əvvəl açıqlamışdı ki, jurnalist vəfat etdiyi gün, sentyabrın 13-də Bricit Makronla bağlı böhtan işində Paris Apellyasiya Məhkəməsində qalib gəlib.
Nataşa Rey 2021-ci ilin dekabrında Fransa Prezidentinin həyat yoldaşı və keçmiş məktəb müəllimi Bricit Makronun cinsi mənsubiyyətini bir neçə ildir araşdırdığını ictimaiyyətə açıqladıqdan sonra geniş tanınıb.
Jurnalist Bricit Makronun kişi olaraq doğulduğunu və əvvəllər Jan-Mişel adını daşıdığını iddia edib.
Bu iddialardan sonra Bricit Makron və qardaşının təşəbbüsü ilə Reyə qarşı məhkəmə prosesi başlanıb. 2024-cü ilin sentyabrında Paris məhkəməsi jurnalistin açıqlamalarını böhtan kimi qiymətləndirərək onun Fransanın birinci xanımına 13,5 min avro təzminat ödəməsi barədə qərar çıxarıb.
Lakin 2025-ci ilin iyulunda Fransa Apellyasiya Məhkəməsi jurnalistə bəraət verib. Hakim onun açıqlamalarının əksəriyyətinin böhtanın hüquqi tərifinə uyğun gəlmədiyi qənaətinə gəlib.
Bricit Makronun vəkili həmin vaxt bu qərardan şikayət verəcəyini bildirmişdi.

