Britaniyalı baş aşpaz və televiziya aparıcısı Qordon Ramzi 2022-ci ildə çəkiliş zamanı baş verən qəzadan sonra yayımı dayandırılan “Top Gear” avtomobil şousunun yeni aparıcısı olacaq.
Denmedia.az BBC-yə istinadən xəbər verir ki, məşhur verilişin yeni mövsümünün 2028-ci ildə yayımlanması planlaşdırılır. Çəkilişlər həm Böyük Britaniyada, o cümlədən verilişin ənənəvi çəkiliş məkanı olan Londonun cənub-qərbindəki Dansfold avtodromunda, həm də xarici ölkələrdə aparılacaq.
“Top Gear” ən uğurlu illərində gözlənilməz hadisələr, möhtəşəm görüntülər və nəzarət altında saxlanılan xaos üzərində qurulurdu. Biz bu ruhu qoruyub saxlamaq, eyni zamanda yeni auditoriya üçün verilişə təzə enerji və ambisiya qatmaq istəyirik”, – Ramzi bildirib.

Verilişin yayımı 2022-ci ildə aparıcılardan biri, keçmiş kriket oyunçusu Endryu Flintoffun ağır qəzaya düşməsindən sonra dayandırılıb. Çəkiliş zamanı onun idarə etdiyi üçtəkərli “Morgan Super 3” avtomobili yarış trasında aşıb. Flintoff üz və qabırğa nahiyələrindən xəsarət alıb.
Qordon Ramzi “Hell’s Kitchen” və “Ramsay’s Kitchen Nightmares” kulinariya layihələri ilə geniş şöhrət qazanıb. Bununla yanaşı, televiziya aparıcısı uzun illərdir avtomobil idmanının həvəskarı və avtomobil kolleksiyaçısı kimi tanınır. Onun qarajında “Aston Martin”, “Ferrari”, “Porsche”, “Land Rover” və “McLaren” markalı avtomobillər yer alır.
Bu layihə Ramzinin “Top Gear”la ilk əməkdaşlığı olmayacaq. O, verilişdə dəfələrlə qonaq qismində iştirak edib. Bu çıxışlar arasında proqramın 2002-ci ildə yenidən yayıma başlamasından sonrakı, Ceremi Klarkson, Riçard Hammond və Ceyms Meyin aparıcılıq etdiyi dövr də var.
BBC Ramzi ilə birlikdə verilişi aparacaq şəxslərin adlarını daha sonra açıqlamağı planlaşdırır. Teleradio korporasiyası yenilənmiş “Top Gear”da ənənəvi genişmiqyaslı avtomobil səyahətlərinin, riskli sınaqların və möhtəşəm tryukların qorunub saxlanılacağını vəd edib.

