Fransanın Şomon şəhərində gömrük birliyində çalışan məmur müsəlmanların namaz qılmasını təqlid edərək ibadəti ələ saldığı və nasist salamı verdiyi görüntülərin yayılmasından sonra vəzifəsindən uzaqlaşdırılıb.
Denmedia.az “Mediapart” nəşrinə istinadən xəbər verir ki, hadisə 2022-ci ilin yanvarında gömrük birliyində təşkil olunan ziyafət zamanı baş verib.
Videoçəkilişlərdə ərəb geyimləri və uydurma qəhrəman Zorronun kostyumunu geyinən üç məmurun müsəlmanları təqlid edərək namaza istehza etdikləri görünür. Patrik T. adlı məmurun səcdədən qalxdıqdan sonra nasist salamı verdiyi və “Yaşasın Hitler!” deyə qışqırdığı bildirilir.
Həmin vaxt orada olan Conatan B. adlı digər məmurun da nasist salamı verərək güldüyü, Jerom B.-nin isə başındakı parça ilə üzünü örtdüyü qeyd olunur.
2024-cü ilin sentyabrında gömrük birliyinin rəhbəri vəzifəsinə təyin edilən Patrik T.-nin nasist salamı verdiyi və üzərində svastika təsviri olan corablar geyindiyi fotolar da üzə çıxıb.
Gömrük birliyində baş verən hadisələrlə bağlı 2025-ci ilin mart və dekabr aylarında iki ayrı inzibati araşdırma başladılıb. Araşdırmalar yekunlaşdıqdan sonra Patrik T. yanvar ayında rəhbər vəzifəsindən azad edilib.
İntizam araşdırmasının nəticələrinə əsasən, Patrik T. iki il müddətinə vəzifəsindən müvəqqəti uzaqlaşdırılıb. Cəzanın bir ilinin icrası şərti olaraq təxirə salınıb. Beləliklə, məmur faktiki olaraq bir il vəzifəsindən kənarda qalacaq və bu müddət başa çatdıqdan sonra işinə qayıda biləcək.
Hadisədə iştirak edən Conatan B. və Jerom B. barəsində intizam prosedurları davam etdirilir.

