Fransada iki aydan çoxdur davam edən məktəbli etirazlarında 500-ə yaxın şagird yaralanıb.
Denmedia.az xəbər verir ki, bu barədə Fransanın təhsil naziri Eduar Jeffre Parisdə Senatın Mədəniyyət, Təhsil, Kommunikasiya və İdman Komissiyasının iclasında məlumat verib.
Nazir sentyabrın 17-də başlayan etiraz aksiyaları zamanı baş verən zorakılıq halları ilə əlaqədar müvafiq intizam tədbirlərinin görüldüyünü bildirib. Onun sözlərinə görə, aksiyalarla bağlı 3 min şagird barəsində intizam proseduru başladılıb.
Eduar Jeffre zorakılıq halları səbəbindən 400-dən çox şagirdin məktəbdən xaric edildiyini, etirazlar zamanı isə 500-ə yaxın şagirdin və 290 təhsil işçisinin yaralandığını qeyd edib.
Ölkədəki liseylərin üçdə ikisinin etiraz aksiyalarından təsirləndiyini vurğulayan nazir şagirdlərin böyük əksəriyyətinin haqlı tələblər irəli sürdüyünü bildirib.
Fransada lisey şagirdləri sentyabrın 17-dən etibarən təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyaları keçirirlər.

