ABŞ-nin məşhur iş adamı, “Fanatics” şirkətinin rəhbəri, milyarder Maykl Rubin yeniyetmə yaşlarında qurduğu biznesdən və az qala bütün qazancını itirməsinə səbəb olan hadisədən danışıb.
Denmedia.az Fortune jurnalına istinadən xəbər verir ki, Rubin hələ 13 yaşında xizək avadanlıqlarının satışı ilə məşğul olmağa başlayıb. Bir il sonra öz mağazasını açan gənc sahibkar sürücülük vəsiqəsi almamışdan əvvəl “Porsche” avtomobili də əldə edib.
Lakin 1988-ci ilin qeyri-adi isti keçən qışı onun biznesini ciddi çətinliklə üzləşdirib. Qarın az yağması səbəbindən xizək avadanlıqlarına tələbat kəskin azalıb və Rubin 16 yaşında müflis olmaq təhlükəsi ilə qarşılaşıb.

İlin sonunda onun 200 min dollar ödənilməmiş hesabı və 80 min dollar dəyərində satılmamış məhsulu qalıb.
Gənc sahibkar vəziyyətdən çıxmaq üçün kreditorlarla danışıqlar apararaq borcunu 35 min dollara qədər azaltmağa nail olub. Daha sonra borc pul taparaq yeni ticarət imkanlarından yararlanıb və götürdüyü vəsaiti üç həftə ərzində qaytarıb.
Bu uğursuzluq onun biznes həyatında dönüş nöqtəsinə çevrilib. Cəmi beş il sonra, 21 yaşında Rubin illik satış dövriyyəsi 150 milyon dollara çatan biznes qurduğunu, şəxsi qazancının isə ildə 10–15 milyon dollara yüksəldiyini bildirib.
“Hər uğursuzluq, ondan dərs çıxarmağı bacarsan, səni növbəti uğura aparır”, – deyə iş adamı vurğulayıb.
Rubin sonrakı illərdə “GSI Commerce” şirkətini yaradıb. 2011-ci ildə “eBay” şirkəti bu biznesi 2,4 milyard dollara satın alıb. Sahibkar daha sonra idman məhsulları sahəsində fəaliyyətini davam etdirərək “Fanatics” brendini inkişaf etdirib.
2008-ci il maliyyə böhranı zamanı Rubin yenidən ciddi maliyyə çətinlikləri ilə üzləşsə də, biznesini qoruyub saxlamağı bacarıb.
2022-ci ildə “Fanatics” şirkətinin dəyəri 31 milyard dollar olaraq qiymətləndirilib. Rubinin şəxsi sərvəti isə sonrakı qiymətləndirmələrdə 11,6 milyard dollar göstərilib.
“Biznes Amerika təpəcikləri kimi enişli-yoxuşludur. Biznes bir macəradır. Əsl sahibkarsansa, bundan zövq alırsan”, – deyə milyarder fikrini yekunlaşdırıb.

