Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Elmira Şabanovanın vəfatı ilə əlaqədar başsağlığı verərək onun ölümünü milli mədəniyyətimiz üçün ağır itki adlandırıb.
Denmedia.az xəbər verir ki, nazirliyin yaydığı nekroloqda deyilir:
“Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli kino və teatr aktrisası, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Elmira Şabanova noyabrın 25-də 86 yaşında vəfat edib”.
Elmira Balahüseyn qızı Şabanova 1940-cı il noyabrın 1-də Bakıda anadan olub. 1962-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) aktyorluq, yeddi il sonra isə həmin ali təhsil müəssisəsinin rejissorluq fakültəsini bitirib.
1962-1997-ci illərdə institutda pedaqoji fəaliyyət göstərərək yeni aktyor nəslinin yetişdirilməsində iştirak edib. Yaradıcılıq fəaliyyəti ərzində Azərbaycan kinosunda yaddaqalan obrazlar yaradıb, özünəməxsus aktyor üslubu ilə seçilib.
Aktrisanın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlət tərəfindən daim yüksək qiymətləndirilib. O, 2000-ci ildə “Əməkdar artist”, 2006-cı ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2003-cü ildən Prezidentin fərdi təqaüdçüsü olub.
Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Elmira Şabanovanın vəfatından dərin kədər hissi keçirdiyini bildirərək mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.

