Hakerlər ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və Milli Kəşfiyyat Direktorunun Aparatının istifadə etdiyi məlumatların təhlili sisteminə daxil olublar.
Denmedia.az The New York Times qəzetinə istinadən xəbər verir ki, kiberhücuma məruz qalan platforma kəşfiyyat qurumlarının ehtiyacları üçün açıq mənbələrdən əldə edilən məlumatların toplanması və təhlilində istifadə olunur.
Hakerlərin konkret hansı məlumatlara çıxış əldə etdiyi hələlik müəyyənləşdirilməyib. Bununla belə, mənbələr kiberhücumun məxfi məlumatları əhatə etmədiyini bildiriblər.
Qeyd edək ki, bundan əvvəl ABŞ Federal Təhqiqat Bürosunun (FTB) hüquqpozmalara dair məlumat bazasına mümkün kiberhücumla bağlı araşdırmaya başladığı bildirilmişdi.
Həmin hadisədə hüquq-mühafizə orqanlarının məlumat mübadiləsi aparmaq və yoxlamalar həyata keçirmək üçün istifadə etdiyi Milli Cinayət Məlumatları Mərkəzinin (NCIC) sistemi hədəfə alınıb.
Hazırda hər iki hadisə ilə bağlı araşdırmaların nəticələri və mümkün məlumat sızmasının miqyası tam məlum deyil.

