Qazax rayonunun Yuxarı Salahlı kəndində fərdi yaşayış evinin həyətində baş verən partlayış nəticəsində iki nəfər xəsarət alıb.
Denmedia.az xəbər verir ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən fərdi yaşayış evinin həyətində ümumi sahəsi 20 kvadratmetr olan köməkçi tikilidə yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyənləşdirilib. Nəticədə tikiliyə ziyan dəyib, iki nəfər xəsarət alıb.
İlkin məlumata görə, partlayış səhər saat 06:00 radələrində qaz sızması səbəbindən baş verib. Tikiliyə qaz dolub və ev sahibi səhər işığı yandırarkən partlayış baş verib.
Hadisə nəticəsində kənd sakinləri – 1961-ci il təvəllüdlü Məqsəd Əşrəf oğlu Kəlayev və onun anası, 1936-cı il təvəllüdlü Dilbər Alı qızı Kəlayeva xəsarət alıblar.
Hər iki şəxs Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Üçüncü dərəcəli yanıq xəsarətləri alan Məqsəd Kəlayevin vəziyyəti orta ağır, anasının vəziyyəti isə qənaətbəxş qiymətləndirilir.
FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı araşdırma aparılır.

