Nigeriyanın ən tanınmış ənənəvi hökmdarlarından biri, Daura əmiri Umar Faruk Umar polşalı turist qadının cinsi qısnama iddiasından sonra bütün rəsmi tədbirlərdə iştirakdan və rəsmi səfərlərdən müvəqqəti uzaqlaşdırılıb.
Denmedia.az Haberler.com-a istinadən xəbər verir ki, Nigeriyada 30 gün səyahət etdiyini bildirən polşalı turist noyabrın 14-də Daura əmirinin sarayını ziyarət edib.
Qadın sosial şəbəkədə paylaşdığı məlumatda əmirin ziyarət zamanı onun sinəsinə toxunduğunu iddia edib. Turist baş verənlərdən ciddi narahatlıq və ikrah hissi keçirdiyini bildirib.

Sonradan silinən videoda əmir olduğu ehtimal edilən şəxsin qadının əllərini öz qucağında saxladığı görünür. Daha sonra həmin şəxsin əllərini qadının sinəsinə doğru uzatdığı, turistin isə “Dayan, dayan!” dediyi eşidilir.
İddialar Nigeriyada geniş ictimai rezonans doğurub. Sosial şəbəkələrdə çoxsaylı istifadəçilər əmirin vəzifəsindən uzaqlaşdırılmasını və hadisənin araşdırılmasını tələb ediblər.
Artan reaksiyalardan sonra Katsina ştatının hakimiyyəti məsələ ilə bağlı tədbir görüb. Ştatın qubernatoru Dikko Umaru Radda iddiaların araşdırılması üçün xüsusi komissiyanın dərhal yaradılması barədə göstəriş verib.
Rəsmi bəyanatda ittihamların ciddi qəbul edildiyi, komissiyanın araşdırma nəticələri və tövsiyələrinin tam şəkildə həyata keçiriləcəyi, ədalətin təmin olunacağı bildirilib.
Bununla belə, komissiyanın tərkibi, səlahiyyətləri və yekun hesabatını nə vaxt təqdim edəcəyi barədə məlumat verilməyib. Araşdırma yekunlaşanadək əmirin rəsmi tədbirlərdə iştirakı və səfərləri dayandırılıb.
Qeyd edək ki, Umar Faruk Umar 41 il hakimiyyətdə olmuş böyük qardaşı Başar dan Umarunun ardından 2007-ci ildə Daura əmiri olub.
Müstəmləkəçilikdən əvvəlki dövrə gedib çıxan əmirlik institutu bu gün birbaşa siyasi hakimiyyətə malik olmasa da, Nigeriyanın şimalında mədəni və dini nüfuzunu qoruyur.
Daura şəhəri ölkənin şimalında yaşayan Hausa xalqının tarixi və mənəvi vətəni, Hausa sülaləsinin formalaşdığı məkan hesab edilir. Siyasətçilər dua və dəstək almaq məqsədilə əmirin sarayını tez-tez ziyarət edirlər.

