“LUKOIL”un beynəlxalq bazardan çəkilmək qərarı şirkətin öz istəyi ilə deyil, siyasi amillərlə bağlı olub.
Denmedia.az xəbər verir ki, bunu şirkətin qurucusu Vahid Ələkbərov “Vesti” informasiya xidmətinə müsahibəsində bildirib.
Onun fikrincə, “LUKOIL”un beynəlxalq bazara qayıtmaq üçün bütün şansları var.
“LUKOIL” beynəlxalq bazardan çəkilmək qərarını müstəqil şəkildə qəbul etməyib. Burada daha çox siyasi amillər rol oynayıb. Yaranmış vəziyyət bizi beynəlxalq bazardan çəkilməyə məcbur edir. Bununla belə, qapıları tam bağlamırıq və hələ də geri qayıdacağımıza ümid edirik”, – Ələkbərov bildirib.
O, həmçinin şirkətin qüsursuz işgüzar nüfuzunun beynəlxalq bazarlara qayıdışının təminatına çevrilməli olduğunu vurğulayıb. Ələkbərov şirkətin fəaliyyət göstərdiyi bütün ölkələrdə onun haqqında müsbət fikirlərin səsləndirildiyini qeyd edib.
“Bizə tələbat var. Bütün bu illər ərzində dünyanın istənilən nöqtəsində – Afrikada, Latın Amerikasında və Şərqdə haqqımızda yalnız müsbət fikirlər səsləndirilib. İnvestisiya yatırdığımız ölkələrin hər zaman dəstəyini hiss etmişik. Ümid edirəm ki, şirkətin öz öhdəliklərinə sadiqliyinə olan inam qorunub saxlanılacaq və həmin ölkələr bizi yenidən dəvət edəcəklər”, – Vahid Ələkbərov bildirib.

