İtaliya əsilli fransız top-model Karla Bruni və Fransanın 23-cü prezidenti Nikola Sarkozi 2027-ci ilin sonunda məhkəmə qarşısına çıxacaqlar.
Denmedia.az BBC-yə istinadən xəbər verir ki, ər-arvad cinayətkar sövdələşmədə və şahidi ələ almağa cəhddə ittiham olunurlar. Onlarla birlikdə jurnalist Mişel Marşan da mühakimə ediləcək. Təqsirləndirilən şəxsləri maksimum 10 il müddətinə azadlıqdan məhrumetmə və 150 min avroyadək cərimə cəzası gözləyə bilər.
Marşana xarici ölkələrin məhkəmə sistemi əməkdaşlarını rüşvətlə ələ almaq da daxil olmaqla bir sıra ittihamlar irəli sürülüb.
Fransa-Livan əsilli iş adamı Ziyad Takiyəddin vaxtilə Liviyanın lideri Müəmmər Qəddafinin 2007-ci ildə Sarkozinin seçki kampaniyasına 50 milyon avro ayırdığını iddia etmişdi. Fransanın sabiq prezidenti isə bu iddiaları rədd edir.

İş materiallarına əsasən, 2020-ci ildə Sarkozinin tərəfdarları onu cinayət təqibindən xilas etmək məqsədilə “Sarkonu xilas edək” adlı əməliyyata başlayıblar. Siyasətçinin yaxın çevrəsi Takiyəddinə Sarkozinin Qəddafidən pul alması barədə polisə verdiyi ifadəni geri götürməsi üçün 600 min avro ödəyib.
Marşanın dindirilməsindən sonra istintaq orqanları Fransanın keçmiş birinci xanımı ilə bağlı araşdırmaya başlayıblar. Məlum olub ki, Karla Bruni 2021-ci ilin iyununda jurnalistlə apardığı bütün yazışmaları telefonundan silib.
Hakimin qənaətinə görə, bu fakt Bruninin “Sarkonu xilas edək” əməliyyatındakı iştirakını istintaqdan gizlətmək niyyətində olduğunu göstərir.

