30 ildən çox evdə məskunlaşan ailə evi həqiqi sahibinə qaytarmaq istəmədi. Məhkəmə qətnaməsinə məhəl qoyulmadı və tərəflər arasında dava düşdü.
"Denmedia.az" xəbər verir ki, hadisə Sumqayıt şəhər 11-ci mk ərazisində baş verib.
Mövcud mənzilin qanuni sahibi, Sumqayıt şəhər sakini Balahəsən Aydınovun həyat yoldaşı bildirib ki, 30 il əvvəl evlərinə məcburi şəkildə yerləşən Qubadlı rayon sakini Pənah Mütəllimov və ailəsi mənzili tərk etmək istəmir. Onun sözlərinə görə, əllərində mənzilin boşaldılması ilə bağlı rəsmi məhkəmə qətnaməsi olsa da, qarşı tərəf buna məhəl qoymur.
Məsələni yerində araşdırmaq üçün çəkiliş qrupu ev sahibi ilə birlikdə sözügedən ünvana yollanıb. Qapı açılar-açılmaz ev sahibləri içəri daxil olublar və tərəflər arasında yaranan gərginlik qısa zamanda davaya çevrilib.
Məcburi köçkün Pənah Mütəllimov isə öz növbəsində bildirib ki, onlar yalnız doğma ata-baba yurdlarına Qubadlıya köçürüləcəkləri gün bu
Çəkiliş aparılan zaman sözügedən mənzilə Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi də gəlib. Qurum rəsmisinin sözlərinə görə, məsələ ilə bağlı müvafiq qərar verilsə də, həmin ailənin müvəqqəti kirayə mənzillə təmin olunması üçün icra hakimiyyətinin maliyyə vəsaiti kifayət etmir.
Mövcud vəziyyətlə bağlı Ədliyyə Nazirliyinin Sumqayıt şəhər üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev "Denmedia.az"-a açıqlamasında bildirib ki, məhkəmə qətnaməsi hələlik onların icraatına daxil olmayıb. İcra məmuru vurğulayıb ki, sənəd idarənin icraatına təqdim olunduğu təqdirdə, məcburi köçkün ailəsinin mənzildən məcburi qaydada çıxarılması qanunvericiliyə uyğun olaraq təmin ediləcək.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Kömitəsindən dildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlər yalnız işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yenidən qurulan yaşayış sahələrində mənzil və ya evlərlə təmin edilir. İlk növbədə, qəzalı vəziyyətdə olan yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif müvəqqəti məskunlaşma obyektlərində ağır şəraitdə yaşayan, eləcə də başqasına məxsus mənzildə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər qeydiyyatda olduqları şəhər, kənd, qəsəbə üzrə köçürülür. Qubadlı rayonu bərpa olunduqdan sonra Pənah Mütəllimovun köçürülməsi məsələsinə qanunauyğun formada və mərhələli şəkildə baxılacaqdır.
Nizami Rəsulov
Denmedia.az

