Almaniyanın Emden şəhərində “Volkswagen” (VW) şirkətinin əməkdaşları konsernin gələcəyinin məhv olmasını simvolizə edən qara tabutlarla etiraz aksiyası keçiriblər.
Denmedia.az Reuters agentliyinə istinadən xəbər verir ki, konsern rəhbərliyi ilə “IG Metall” həmkarlar ittifaqı arasında danışıqların ilk mərhələsi ərəfəsində keçirilən aksiyada 4,5 minə yaxın işçi iştirak edib. Etirazçılar şüarlar səsləndirib, plakatlar nümayiş etdiriblər. Qara tabutların üzərində isə “Gələcək” və “Etimad” sözləri yazılıb.
Təxminən iki saat davam edən danışıqlarda tərəflər ciddi irəliləyişə nail ola bilməyiblər. Növbəti görüş dekabrın 15-nə təyin edilib. Bu görüş işçilərin yanvarda başlamağı planlaşdırdıqları tətillərdən əvvəl razılığa gəlmək üçün son fürsət hesab olunur.

Tərəflər arasında gərginlik “Volkswagen”in genişmiqyaslı struktur dəyişiklikləri proqramı fonunda daha da artıb. Konsern Çin avtomobil istehsalçılarının artan rəqabət təzyiqi və yüksək idxal rüsumları ilə üzləşib. Şirkət biznesin yenidən qurulması çərçivəsində 100 minə yaxın iş yerini ixtisar etməyi və növbəti onilliyin əvvəlində Almaniyadakı dörd zavodunu bağlamağı planlaşdırır.
“Volkswagen” rəhbərliyi Almaniyadakı əməkdaşlarının maaşlarının 2027 və 2028-ci illərdə artırılmamasını, bəzi güzəştlərin azaldılmasını və 35 saatlıq iş həftəsinin şərtlərinə yenidən baxılmasını təklif edir.
Konsern, xüsusilə, əlavə ödəniş etmədən iş vaxtını uzatmaq imkanını qoruyub saxlamaq istəyir. Bundan başqa, rəhbər vəzifələrdə çalışanlara xüsusi ödənişlərin, eləcə də 25 və 35 illik iş stajına görə verilən mükafatların ləğvi müzakirə olunur.

