ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) keçmiş əməkdaşı Qari Moşyer yadplanetlilərin artıq insanlar arasında yaşadığını iddia edib.
Denmedia.az Daily Mail nəşrinə istinadən xəbər verir ki, təxminən 30 il Pentaqonda yeni silahların hazırlanması üzərində çalışan Moşyer karyerasını başa vurduqdan sonra naməlum uçan obyektlərin (UFO) araşdırılması ilə məşğul olmağa başlayıb.
Bu sahədə 12 il araşdırma apardığını bildirən keçmiş mütəxəssis qeyri-adi hadisələrlə bağlı öz fərziyyələrini irəli sürüb.
Onun fikrincə, heyvanların müəmmalı şəkildə şikəst edilməsi, yadplanetlilərlə qarşılaşmalar və insanların qaçırılması barədə yayılan hadisələr bəşəriyyəti qorxutmaq məqsədilə yadplanetlilərin özləri tərəfindən təşkil edilib.
Moşyer hesab edir ki, yadplanetlilər Yer kürəsini yaşayış üçün əlverişli vəziyyətdə saxlamaq məqsədilə insanlarla birbaşa təmasdan çəkinirlər.
“Mən hesab edirəm ki, Yer kürəsinə yadplanetli bir irq gəlib və onların əsas məqsədi burada məskunlaşmaqdır. Onlar burada yaşamaq və inkişaf etmək üçün gəliblər”, – deyə keçmiş Pentaqon əməkdaşı bildirib.
Moşyerin iddiasına görə, yadplanetlilər artıq insanların arasında yaşayır və onların Yer kürəsi ilə bağlı uzunmüddətli planları var.
Xatırladaq ki, noyabrın 15-də məşhur amerikalı yazıçı Stiven Kinq də X sosial şəbəkəsində yadplanetlilərlə bağlı diqqətçəkən paylaşım edib.
ABŞ aviasiya tənzimləyicisinin texniki nasazlıqlar səbəbindən bütün uçuşların dayandırılması barədə göstərişindən sonra yazıçı bu qərarın yadplanetlilərin Yer kürəsinə müdaxiləsi ilə əlaqədar olduğunu irəli sürüb. O, hakimiyyətin dünya miqyasında təşviş yaranmasının qarşısını almaq üçün həqiqəti gizlətdiyini iddia edib.
Qeyd edək ki, yadplanetlilərin Yer kürəsində yaşadığına dair elmi cəhətdən təsdiqlənmiş sübut yoxdur. Moşyerin səsləndirdiyi fikirlər onun şəxsi fərziyyələridir.

