HƏMAS Siyasi Bürosunun rəhbəri Xəlil əl-Həyyanın oğlu İzzəddin əl-Həyyanın İsrail ordusunun həyata keçirdiyi hava hücumundan sağ çıxdığı bildirilib.
Denmedia.az xəbər verir ki, bu barədə HƏMAS rəsmisi Basim Naim məlumat verib.
Onun sözlərinə görə, İsrail ordusu səhər saatlarında yaşayış mənzilinə hava zərbəsi endirərək İzzəddin əl-Həyyanı hədəfə alıb. Hücum zamanı o və ailə üzvləri sağ qalıblar. İzzəddin əl-Həyyanın həyat yoldaşı da daxil olmaqla bir neçə nəfər yaralanıb. Ölən olmayıb.
HƏMAS hücumu İsrailin müdafiə naziri İsrael Katsın Xəlil əl-Həyyaya ünvanladığı təhdidlərlə əlaqələndirib və hadisəni sui-qəsd cəhdi kimi qiymətləndirib. İsrail ordusu isə hücumun hədəfi və səsləndirilən iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.
Basim Naim bildirib ki, 1997-ci il təvəllüdlü İzzəddin əl-Həyya Xəlil əl-Həyyanın sağ qalan yeganə oğludur. Onun digər dörd oğlu İsrailin hücumları nəticəsində həyatını itirib.
İzzəddin əl-Həyyanın əkiz qardaşı Hümam Xəlil əl-Həyya 2025-ci ildə İsrailin Qətərdə HƏMAS rəhbərliyini hədəfə alan hava hücumu zamanı öldürülüb.
HƏMAS son hücumun 2025-ci ildə Qəzzada əldə olunan atəşkəs razılaşmasını pozmaq məqsədi daşıdığını iddia edib və davam edən hücumların nəticələrinə görə İsraili məsul tutub.
Hücumun digər təfərrüatları və yaralanan şəxslərin səhhəti barədə əlavə məlumat verilməyib.

