Türkiyənin xarici işlər naziri Hakan Fidan Batumidə “Beşiktaş” futbol klubunun azarkeşlərinə göstərilən münasibəti qəbuledilməz adlandırıb.
Denmedia.az Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir baş verən hadisənin Türkiyə ilə Gürcüstan arasındakı münasibətlərin səviyyəsinə uyğun olmadığını bildirib.
Fidan hadisələr zamanı Pakistana gedən təyyarədə olduğunu və məlumatı alan kimi Gürcüstanın xarici işlər naziri ilə əlaqə saxladığını qeyd edib. Türkiyə Xarici İşlər Nazirliyi əməkdaşları hadisə yerində olan səfirlik və baş konsulluqla da mütəmadi əlaqə saxlayıb.
İslamabadda jurnalistlərə açıqlama verən Fidan baş verənlərin Türkiyə üçün tamamilə qəbuledilməz olduğunu və ölkəsinin azarkeşlərinə qarşı belə münasibətlə barışa bilməyəcəyini vurğulayıb.
Nazirin sözlərinə görə, əsas məqsəd vəziyyəti tənzimləmək, Türkiyə vətəndaşlarının təhlükəsizliyini təmin etmək, onlara lazımi yardım göstərmək və heç birinin saxlanılmasına yol verməmək olub.
Xatırladaq ki, Gürcüstan Daxili İşlər Nazirliyi UEFA Avropa Liqası çərçivəsində İsrailin “Hapoel Beer-Şeva” komandası ilə keçirilən oyun üçün Batumiyə gələn “Beşiktaş” azarkeşlərinin iştirakı ilə baş verən iğtişaşlardan sonra 16 nəfərin saxlanıldığını açıqlamışdı. Azarkeşlərlə qarşıdurma zamanı üç polis əməkdaşı xəsarət alıb.

