Sabah 2025–2026-cı tədris ili üçün keçiriləcək müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin elektron sənəd qəbulu başlayacaq.
Den.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi müsabiqəyə dair əsas şərtləri açıqlayıb.
Məlumata görə, müsabiqədə pedaqoji ixtisaslar üzrə orta ixtisas və ali təhsil müəssisələrini bitirmiş, dövlət nümunəli diplom almış, eləcə də xarici ölkələrdə aldığı ali təhsili tanınmış şəxslər iştirak edə bilərlər.
“Test imtahanı mərhələsində keçid balı toplamış namizədlər səkkiz vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.
Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 150 dəqiqə vaxt ayrılacaq. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.
Müsabiqədə iştirak etmək istəyən namizədlər elektron sənəd qəbulu üçün elan edilən vaxtda “Digital Login” əldə etdikdən sonra miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər”.
Qaydalara əsasən, ixtisas üzrə 1 səhv cavablandırılmış sual - 0,5 bal, tədris metodikası üzrə isə - 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək:
“Test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır. Müsabiqənin test imtahanı mərhələsində toplanmış bal yalnız həmin tədris ili üçün qüvvədədir”,- məlumatda qeyd olunub.