Gecələr narahat düşüncələr səbəbindən yuxuya getməkdə çətinlik çəkənlər üçün dörd sadə üsul tövsiyə olunub. Psixoloq Rits Bira bu üsulların zehni gərginliyi azaltmağa və yuxuya getməyi asanlaşdırmağa kömək edə biləcəyini bildirib.
Denmedia.az Britaniyanın “Mirror” nəşrinə istinadən xəbər verir ki, mütəxəssis yatmazdan əvvəl tətbiq edilə bilən dörd üsuldan danışıb.
Birinci üsul yatmazdan beş dəqiqə əvvəl insanı narahat edən düşüncələri və həllini gözləyən işləri dəftərə yazmaqdır. Psixoloq hər problemin qarşısında onun həlli üçün atılacaq növbəti addımın da qeyd edilməsini məsləhət görür. Bu, məsələləri səhərə saxlamağa və eyni fikirləri təkrar-təkrar düşünməməyə kömək edə bilər.
İkinci üsul isə özünü yatmağa məcbur etməməkdir. Biraya görə, insan yuxuya getmək üçün nə qədər çox çalışırsa, bu, onda bir o qədər gərginlik yarada bilər. Bunun əvəzinə, sakit şəkildə oyaq qalmağa özünə icazə vermək yuxuya getməklə bağlı narahatlığı azalda bilər.

Üçüncü üsul diqqəti bir-biri ilə əlaqəsi olmayan, adi əşyalara yönəltməkdir. Məsələn, kitab, velosiped və ya başqa təsadüfi əşyaları göz önünə gətirmək olar. Bu zaman beyin müəyyən bir fəaliyyətlə məşğul olur, lakin narahatedici düşüncələrə qapılmaq ehtimalı azalır.
Dördüncü üsul isə uzun müddət yuxuya gedə bilmədikdə yataqdan qısa müddətə qalxmaqdır. Psixoloq belə hallarda zəif işıq altında kitab oxumağı və ya sakitləşdirici bir şey dinləməyi tövsiyə edir. Yuxululuq hissi yenidən yarandıqda yatağa qayıtmaq daha məqsədəuyğundur.

