Beşqat Olimpiya çempionu, məşhur fransalı cüdoçu Teddi Riner 2027-ci il prezident seçkiləri ərəfəsində keçirilən sorğuda seçicilərin rəğbətini qazanmaq baxımından digər namizədləri geridə qoyub.
Denmedia.az Odoxa sosioloji xidmətinin sorğusuna istinadən xəbər verir ki, noyabrın 9-da prezidentliyə namizədliyini irəli sürən idmançıya respondentlərin 23 faizi rəğbət bəsləyir.
Araşdırma zamanı iştirakçılardan namizədləri dəstəkləyib-dəstəkləmədikləri, onlara rəğbət bəsləyib-bəsləmədikləri və ya münasibətlərinin neytral olduğu soruşulub. Ümumi dəstək göstəricisi namizədə rəğbət bəsləyənlərin və onu dəstəkləyənlərin faizlərinin cəmi əsasında hesablanıb.
Nəticələrə görə, yalnız Teddi Rinerin rəğbət göstəricisi 20 faizi keçib. Bununla belə, ona səs verməyə hazır olanların payı cəmi 4 faiz təşkil edib. Bu səbəbdən Olimpiya çempionu ümumi göstərici üzrə üçüncü yerdə qərarlaşıb.
İlk pillələrdə isə sağçı “Milli Birlik” partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen və partiyanın sədri Jordan Bardella yer alıblar.
Sorğuda iştirak edənlərin 22 faizi Le Peni dəstəkləməyə hazır olduğunu, 13 faizi isə ona rəğbət bəslədiyini bildirib. Bardellanın namizədliyini dəstəkləyənlər 21 faiz, ona rəğbət bəsləyənlər isə 13 faiz təşkil edib.
Sorğu noyabrın 18–19-da Fransada yaşı 18-dən yuxarı olan 1005 nəfər arasında keçirilib.
Fransada növbəti prezident seçkiləri 2027-ci il aprelin 18-nə təyin olunub.

