Almaniyanın Dortmund şəhəri yaxınlığında yerləşən Şverte şəhərində maskalı şəxs “Yaşıllar” partiyasının ofisinə hücum edib. Hadisə nəticəsində üç nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Denmedia.az Almaniyanın “Bild” qəzetinə istinadən xəbər verir ki, hadisə noyabrın 23-ü axşam saatlarında, partiyanın deputat fraksiyasının iclası zamanı baş verib.
Məlumata görə, hücum zamanı ofisdə on nəfərdən çox şəxs olub. İlkin ehtimallara əsasən, maskalı şəxs özü ilə kiçik yanğınsöndürən balon gətirib. Lakin insanların hansı şəraitdə xəsarət aldığı hələ dəqiq müəyyən edilməyib.
Hadisədən sonra şübhəli şəxs ərazidən qaçıb. Polis onun axtarışına başlasa da, ilkin məlumatlara görə, saxlanılması mümkün olmayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları partiya ofisinin yaxınlığında hücum edən şəxsə məxsus ola biləcəyi ehtimal edilən yanğınsöndürən balon aşkar ediblər.
Cinayətin siyasi motivli ola biləcəyi nəzərə alınaraq araşdırma dövlət təhlükəsizliyi əleyhinə cinayətlərlə məşğul olan polis bölməsinə həvalə edilib.
Hüquq-mühafizə orqanları hücumun dəqiq şəraiti və yaralıların vəziyyəti barədə hələlik ətraflı rəsmi məlumat verməyiblər.

