Dünyada 2025-ci ildə qəsdən öldürülən qadın və qızların təxminən 60 faizi həyat yoldaşı, sevgilisi və ya ailə üzvlərindən birinin qurbanı olub. Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni hesabatına görə, ötən il təxminən 47 min qadın və qız yaxınları tərəfindən öldürülüb.
Denmedia.az DW nəşrinə istinadən xəbər verir ki, hesabat 25 Noyabr – Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ərəfəsində açıqlanıb. BMT-nin Qadınlar üzrə strukturu (UN Women) və Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) hazırladığı hesabat 122 ölkə və ərazinin statistik məlumatlarına əsaslanır.
Araşdırmaya görə, son illərdə həyat yoldaşı, partnyoru və ya ailə üzvləri tərəfindən öldürülən qadın və qızların illik sayı 45 minlə 51 min arasında dəyişib.
2025-ci ildə bu cür qətllərin ən çox qeydə alındığı qitə Afrika olub. Burada təxminən 22 100 qadın və qız yaxınlarının qurbanına çevrilib. Asiyada bu göstərici 15 100, Amerika qitəsində 7 400, Avropada 2 100, Okeaniyada isə 300 nəfər təşkil edib.
Hesabatda qeyd olunur ki, dünyada qətllərin ümumi sayı azalsa da, qadın qətllərində azalma daha zəif müşahidə olunur. Bu tendensiya xüsusilə Amerika qitəsi və Avropada nəzərə çarpır.
BMT-nin qiymətləndirməsinə görə, mövcud vəziyyət qadınların ədalət mühakiməsinə çıxışında qarşılaşdığı maneələri, eləcə də zorakılığın cəmiyyətdəki stereotiplər və gender normaları ilə sıx bağlı olduğunu göstərir.
BMT-nin Qadınlar üzrə strukturunun ayrıca hesabatına əsasən, dünyada təxminən hər üç qadından biri həyatının müəyyən dövründə fiziki və ya cinsi zorakılığa məruz qalıb. Lakin zorakılıqla üzləşən qadınların yalnız 7 faizi polisə müraciət edib.
UNODC-nin icraçı direktoru Monika Juma bildirib ki, təhlükəli ictimai münasibətlər, sosial normalar və insanları qorumalı olan mexanizmlərin uğursuzluğu qadınlara qarşı qətllərin sanki qəbul edilə biləcəyi bir mühit yaradır.
“Bu reallığı dəyişmək üçün cəmiyyətin bütün səviyyələrində davamlı səylər göstərilməlidir”, – deyə o vurğulayıb.
BMT-nin Qadınlar üzrə strukturunun icraçı direktoru Sima Bahous isə bütün ölkələri təcili tədbirlər görməyə çağırıb. O bildirib ki, heç bir təhlükə siqnalı diqqətdən kənarda qalmamalı, zorakılıqdan sağ çıxan heç bir qadın müdafiəsiz buraxılmamalı və heç bir cinayətkar məsuliyyətdən yayınmamalıdır.

