Müntəzəm piyada gəzmək qan təzyiqinin aşağı düşməsinə, damarların sağlamlığının qorunmasına, sümük və əzələlərin möhkəmlənməsinə kömək edə bilər.
Denmedia.az Britaniyanın “HuffPost” nəşrinə istinadən xəbər verir ki, bu barədə ümumi praktika həkimi Syuzanna Uayli danışıb.
Həkimin sözlərinə görə, hər gün cəmi 30 dəqiqə piyada gəzmək belə ürək-damar sağlamlığına nəzərəçarpacaq fayda verə bilər. Əsas şərt gəzintilərin müntəzəm olmasıdır.
Uayli bildirib ki, fiziki aktivlik sümük və oynaqların sağlamlığı üçün də vacibdir.

“Müntəzəm fiziki aktivlik sağlam bədən çəkisini qorumağa, əzələ və sümükləri möhkəmləndirməyə kömək edir. Bu, xüsusilə yaşlı insanlar üçün vacibdir, çünki osteoporozun qarşısının alınmasına və hərəkət qabiliyyətinin qorunmasına dəstək olur”, – deyə həkim vurğulayıb.
Mütəxəssis son araşdırmalara əsaslanaraq “Yapon yeriməsi” adlandırılan üsulun da üstünlüklərindən danışıb. Bu üsul üç dəqiqə adi sürətlə, ardınca üç dəqiqə daha yüksək intensivliklə yeriməyin növbələşdirilməsinə əsaslanır.
Onun sözlərinə görə, belə intervallı gəzintilər ürək və damar sağlamlığına əlavə fayda verə bilər.
Bununla yanaşı, Uayli istənilən fiziki aktivliyin bədən duruşuna, nəfəsalmaya və insanın özünü daha yaxşı dərk etməsinə müsbət təsir göstərə biləcəyini qeyd edib.

