Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinin tutulması üzrə müsabiqəyə elektron sənəd qəbulu noyabrın 27-də saat 15:00-da başlayacaq.
Denmedia.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Namizədlər dekabrın 4-ü saat 17:00-dək elektron qeydiyyatdan keçə biləcəklər.
Müsabiqə mərkəzləşdirilmiş qaydada keçiriləcək və iki mərhələdən – seçim və müsahibədən ibarət olacaq. Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumatların və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla başa vuran namizədlər müəyyən edilmiş qaydalara uyğun olaraq növbəlilik əsasında müsahibəyə dəvət ediləcəklər.
Müsahibə zamanı namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji, idarəetmə və təşkilatçılıq bacarıqları, ünsiyyət qurmaq, problemləri həll etmək və qərar qəbul etmək qabiliyyətləri, eləcə də rəqəmsal, texnoloji və sosial-emosional kompetensiyaları qiymətləndiriləcək.
Müsabiqənin nəticələri barədə məlumat namizədlərin şəxsi kabinetlərinə göndəriləcək.

