Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin üçüncü oğlu Saadi Qəddafiyə məxsus olmuş Londondakı təxminən 13 milyon dollarlıq malikanəni dələduzluq yolu ilə ələ keçirmək cəhdi üzə çıxıb.
Denmedia.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, əvvəllər də dələduzluq əməlləri ilə tanınan Lesli Geyl-Çaylds saxta şirkətlər və hüquq firması yaradaraq bahalı əmlaka sahib olmaq hüququ əldə etməyə çalışıb.
Məlumata görə, Saadi Qəddafi malikanəni 2009-cu ildə 13 milyon ABŞ dollara satın alıb.
Hazırda Qəddafinin oğlunun harada olduğu dəqiq bilinmir. Onun Liviyanın paytaxtı Tripolidən uzaqda, Türkiyədə gizləndiyi ehtimal edilir.
Malikanəni ələ keçirmək üçün Geyl-Çaylds “Capitana Seas” və “Capitana Seas 2008 Trust” adlı şirkətlər, həmçinin “Paine Crow & Partners” adlı saxta hüquq firması yaradıb.

O, özünü Liviya hakimiyyətinin nümayəndəsi kimi təqdim edərək dövlətin malikanəni Qəddafiyə məxsus şirkətdən geri almaq istədiyini iddia edib.
Dələduz iki hakimi aldatmağa nail olsa da, planı ABŞ-nin müdafiə sənayesi şirkəti “General Dynamics”in müdaxiləsindən sonra ifşa olunub.
Şirkətin hüquqşünasları Liviya hakimiyyəti ilə əlaqə saxlayaraq Geyl-Çayldsin onların adından hərəkət etmək səlahiyyətinin olmadığını müəyyən ediblər.
Nəticədə məhkəmə Geyl-Çayldsin 324 min funt sterlinqdən artıq, yəni təxminən 423 min ABŞ dolları məbləğində məhkəmə xərclərini ödəməsinə qərar verib.

