İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş keçmiş həyat yoldaşı Gülşən Allahverdiyeva həbsdən azad olunub.
Denmedia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb Ali Məhkəmənin onun barəsində çıxarılmış apellyasiya qərarını ləğv etməsidir.
Məlumata görə, ötən ayın sonunda Ali Məhkəmə Gülşən Allahverdiyevanın kassasiya şikayətini təmin edib. Hakimlər əvvəlki məhkəmə baxışı zamanı qanun pozuntularına yol verildiyi, qəbul olunan qərarın işin faktiki halları ilə uyğun gəlmədiyi qənaətinə gəliblər.
Nəticədə Bakı Apellyasiya Məhkəməsinin qərarı tam ləğv olunub və cinayət işi yenidən araşdırılması üçün həmin instansiyaya qaytarılıb.
Həbsə dair qərarın ləğv edilməsi və azyaşlı övladının olması nəzərə alınaraq Gülşən Allahverdiyevanın həbsdə saxlanılmasına zərurət görülməyib. O, azadlığa buraxılıb.
Yaxın günlərdə cinayət işi üzrə yeni apellyasiya baxışının başlanacağı gözlənilir.

