Türkiyənin tanınmış aktrisası, 82 yaşlı Nebahat Çehre gənc və baxımlı görünüşünün sirrini bölüşüb. İllərə meydan oxuyan aktrisa gözəlliyin əsasının sağlam həyat tərzindən keçdiyini bildirib.
Denmedia.az xəbər verir ki, Nebahat Çehre qidalanmasına xüsusi diqqət yetirdiyini, istirahətə vaxt ayırdığını və stressdən uzaq yaşamağa çalışdığını söyləyib.
“Gözəllik insanın daxilindən xaricinə əks olunan bir şeydir”, – deyən aktrisa yaxşı görünməyin ilk növbədə sağlam olmaqla bağlı olduğunu vurğulayıb.
Gündəlik həyatında qısa istirahət fasilələrinə də yer ayıran Çehre gün ərzində cəmi 15 dəqiqə yatmağın ona yaxşı təsir etdiyini bildirib. Aktrisanın sözlərinə görə, insanın özünə vaxt ayırması və dincəlməsi olduqca vacibdir.

Nebahat Çehre sağlam həyat tərzinin digər mühüm şərti kimi daxili rahatlığı göstərib. O, stressdən, gərginlikdən və mübahisələrdən mümkün qədər uzaq durmağa, sakit həyat sürməyə çalışdığını qeyd edib.
Aktrisa dostluq münasibətlərinin də həyatında xüsusi yer tutduğunu bildirib.
“Yaxşı dostlar dərman kimidir”, – deyən Çehre etibar edə biləcəyi insanların əhatəsində olmaqdan məmnunluğunu ifadə edib.
Onun sözlərinə görə, sağlam həyat tərzi yalnız düzgün qidalanmaq və kifayət qədər dincəlməklə məhdudlaşmır. Mənəvi rahatlıq və sağlam sosial münasibətlər də insanın özünü yaxşı hiss etməsində mühüm rol oynayır.

