İranda hicabsız səhnəyə çıxan 29 yaşlı müğənni Parastu Əhmədi və onun musiqi, eləcə də çəkiliş komandasının dörd üzvü şallaq cəzasına məruz qalıb. Onların hər birinə 74 şallaq vurulub.
Denmedia.az BBC-yə istinadən xəbər verir ki, cəza noyabrın 23-də İranın Qum şəhərində icra edilib.
Müğənninin vəkillərinin sözlərinə görə, hadisəyə 2024-cü ildə keçirilən və sənətçinin YouTube kanalında canlı yayımlanan konsert səbəb olub. Həmin çıxış zamanı 29 yaşlı Parastu Əhmədi çiyinləri açıq paltarda və hicabsız səhnəyə çıxıb.
Konsertin görüntüləri İran hakimiyyətinin diqqətini çəkib və sənətçi ilə onun komandasına qarşı cinayət işi başlanılıb.
2026-cı ilin iyununda Qum şəhərinin cinayət məhkəməsi müğənnini və daha səkkiz nəfəri “əxlaqsız və nalayiq materiallar” yaymaqla “ictimai əxlaqı təhqir etməkdə” təqsirli bilib. Təqsirləndirilən şəxslər irəli sürülən ittihamları rədd ediblər.
Məhkumların vəkillərindən birinin bildirdiyinə görə, şallaq cəzası ictimaiyyət qarşısında deyil, Qum şəhərində Cinayət Cəzalarının İcrası İdarəsinin üçüncü şöbəsində həyata keçirilib.
Parastu Əhmədi ilə birlikdə musiqi və çəkiliş heyətinin dörd üzvünə də 74 şallaq vurulub.
Məhkəmənin qərarına əsasən, məhkumlara iki il müddətinə audio və videomaterialların hazırlanması, eləcə də ölkədən çıxışla bağlı qadağalar tətbiq edilib.

