Abşeron -Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən, Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta ümumtəhsil məktəbin təşkilatçılğı ilə Heydər Əliyev Mərkəzində görkəmli alim, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyi münasibətilə “Bir həyatın kimyası” adlı elmi-ədəbi tədbir təşkil olunub.
Tədbiri məktəbin direktoru Leyla Əliyeva açaraq akademik Yusif Məmmədəliyevin Azərbaycan elminə, xüsusilə kimya sahəsinə verdiyi misilsiz töhfələrdən danışıb, bu cür tədbirlərin şagirdlərin elmi dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
Tədbirdə mövzu ətrafında bir sıra rəsmi qonaqlar çıxış ediblər.
Milli Məclisin deputatı Mehriban Vəliyeva akademik Yusif Məmmədəliyevin elmi irsinin bu gün də aktuallığını qoruduğunu bildirib.
Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov elmin və təhsilin dəstəklənməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul şəxsi Fərman Kazımov alimlərin cəmiyyətin inkişafındakı rolundan bəhs edib.
Abşeron–Xızı Regional Təhsil İdarəsinin Sumqayıt şəhər təhsil sektorunun müdiri İman Ağayev məktəblərdə görkəmli şəxsiyyətlərin irsinin təbliğinin əhəmiyyətini önə çəkib.
Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin məzunu olmuş, Şəhid Rüfət Əhmədzadənin anası Ruhiyyə Əhmədova isə çıxışında elm, vətənpərvərlik və gənc nəslin mənəvi dəyərlərlə yetişdirilməsinin vacibliyindən danışıb.
Tədbir çərçivəsində akademik Yusif Məmmədəliyevin həyat və fəaliyyətinə həsr olunmuş təqdimatlar səsləndirilib.
Tədbirin bədii hissəsində şagirdlər tərəfindən bir-birindən maraqlı musiqi nömrələri nümayiş etdirilib, səhnəciklər və şeirlər təqdim olunub.
Sonda Sumqayıt Şəhər Bələdiyyəsi tərəfindən fəal iştirak edən şagirdlərə hədiyyələr təqdim edilib.
Tədbir xatirə şəkli ilə yekunlaşıb.

