2026/2027-ci tədris ili üzrə Azərbaycanda ali təhsil müəssisələrində bəzi ixtisasların illik təhsil haqqı 8 min manatadək yüksəlir.
“Abituriyent” jurnalının 4-cü sayında dərc olunan məlumata görə, I ixtisas qrupu üzrə ən yüksək ödənişlərdən biri ADA Universitetindədir. Burada bütün ixtisaslar üzrə illik təhsil haqqı 6 000 manat təşkil edir.
Bakı Ali Neft Məktəbində Kompüter elmləri, Data analitikası və İnformasiya təhlükəsizliyi ixtisaslarının hər biri üzrə illik ödəniş 4 500 manat, Xəzər Universitetində isə bütün ixtisaslar üzrə 4 500 manatdır.
II ixtisas qrupu üzrə ən yüksək təhsil haqqı ADA Universitetində Maliyyə ixtisası üzrə müəyyənləşdirilib. İngilis dilində təhsil üçün illik ödəniş 8 000 manatdır.
Bakı Ali Neft Məktəbində Biznesin idarə edilməsi və Maliyyə ixtisasları üzrə illik təhsil haqqı 4 500 manat, Xəzər Universitetində isə 4 500–5 500 manat arasında dəyişir.
III ixtisas qrupu üzrə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisasının illik təhsil haqqı 4 800 manatdır. ADA Universitetində Beynəlxalq münasibətlər, Dövlət və ictimai münasibətlər, Kommunikasiya və rəqəmsal media ixtisasları üzrə illik ödəniş 6 000 manat, Hüquqşünaslıq üzrə isə 8 000 manatdır.
IV ixtisas qrupu üzrə ən yüksək təhsil haqları Azərbaycan Tibb Universitetindədir. Burada ixtisasdan asılı olaraq illik ödəniş 4 500–5 000 manat, Xəzər Universitetində isə 4 500 manat təşkil edir.

