İranın Xarici İşlər Nazirliyi ABŞ-ı beynəlxalq arenada üçüncü tərəflərin, xüsusilə İsrailin təsirinə uymadan hərəkət etməyə çağırıb. Bu barədə çərşənbə axşamı Mehr agentliyi məlumat yayıb.
İran XİN-in rəsmi nümayəndəsi İsmail Bəqayi brifinq zamanı bildirib ki, İran ABŞ-la danışıqlar aparır, lakin Ağ Ev xarici təzyiqlərdən azad qərar verməlidir.
“Ağ Ev kənar təsirlər olmadan, xüsusilə regional və hətta Amerika maraqlarını görməzdən gələn İsrailin təzyiqi altında qalmadan hərəkət etməlidir”, – deyə Bəqayi vurğulayıb.
Onun sözlərinə görə, Tehran Vaşinqtonla danışıqlara məhz İsrailin mane olduğunu düşünür. ABŞ-ın addımlarını İsrailin tələbləri ilə uzlaşdırması Amerika xarici siyasətinin əsas problemlərindən biri kimi qiymətləndirilib. Bəqayi həmçinin bildirib ki, İranın nüvə proqramı ətrafında yaranmış böhranın alovlanmasında əsas rol məhz İsrailə məxsusdur.
ABŞ-la dialoqa münasibətdə skeptisizmin səbəblərinə toxunan XİN rəsmisi qeyd edib ki, son 10–15 ildə Vaşinqtonun Tehrana qarşı atdığı addımlar bu etimadsızlığı gücləndirir. Bununla belə, o vurğulayıb ki, İran dialoqun tərəfdarı olaraq qalır.

