Əslən Qərbi Azərbaycan Amasya rayonunun Öksüz kəndindən olan İlham Əhmədov qonşu Ermənistan Respublikasına səfər edib.
Denmedia.az xəbər evrir ki, o, səfər çərçivəsində paytaxt Yerevanın mərkəzində olub və şəhərdə rahat, təhlükəsiz şəkildə hərəkət etdiyini bildirib.
İlham Əhmədovun sözlərinə görə, səfər zamanı hər hansı neqativ halla qarşılaşmayıb. O, şəhərin mərkəzində tarixi məkanları gəzdiyini, ictimai yerlərdə sərbəst dolaşdığını və özünü təhlükəsiz hiss etdiyini qeyd edib.
“Burada olduğum müddətdə heç bir problem yaşamadım. Rahat şəkildə hərəkət etdim, şəhərlə tanış oldum. Səfərimdən məmnun qaldım”, – deyə o bildirib.
Əhmədovun sözlərinə görə, bu ziyarət onun üçün maraqlı təcrübə olub. O, səfər təəssüratlarını bölüşərək regionda insanlar arasında qarşılıqlı anlaşma və humanitar əlaqələrin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, son illərdə regionda baş verən siyasi proseslər fonunda fərdi səfərlər və insanlararası təmaslar ictimai maraq doğurur. İlham Əhmədovun səfəri də bu baxımdan diqqət çəkən hadisə kimi qiymətləndirilir.
Nizami Rəsulov
Denmedia.az

