Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont qadın xoşbəxtliyinin nə olduğunu izah edib.
O, bu barədə respublika “Qadın radiosu”nun efirində danışıb.
Eysmont bildirib ki, qadın üçün əsl xoşbəxtlik həyatın müxtəlif sahələri arasında düzgün tarazlıq tapmaqdan keçir.
Bu sualın dəqiq cavabını bilsəydik, bəlkə də dünyada tam harmoniya yaranardı. Yəqin ki, indiki sürətli dövrdə qadın üçün xoşbəxtlik ruhun azadlığı ilə məişət, ev həyatı ilə sevdiyi iş, özü ilə bütün dünya arasında balans tapa bilməkdir, – deyə Natalya Eysmont qeyd edib.
Onun fikrincə, qadının xoşbəxt olması üçün həyatın müxtəlif sahələrini uzlaşdırmağı bacarması vacibdir.
Qeyd edək ki, Beynəlxalq Qadınlar Gününün tarixi XIX əsrə gedib çıxır. 1857-ci ildə Nyu-Yorkda tekstil fabriklərində çalışan qadınlar ağır əmək şəraitinə etiraz edərək aksiyaya çıxmışdılar. Daha sonra 1908-ci il martın 8-də Brodveydə keçirilən böyük yürüşdə qadınlar kişilərlə bərabər hüquqlar tələb etmişdilər.
Bir müddət sonra isə alman fəal Klara Setkin qadınların həmrəylik gününün bütün dünyada qeyd olunmasını təklif edib və bu təşəbbüs sonradan 8 Mart – Beynəlxalq Qadınlar Günü kimi tarixə düşüb.

