Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Dolmabahçe Prezident Ofisində rəsmi qarşılanma mərasimindən sonra liderlər arasında ikitərəfli görüş keçirilib.
Zelenski həmçinin İstanbulda Konstantinopol Ümumdünya Patriarxlığını ziyarət edib. Onun Ümumdünya Patriarxı Varfolomey I ilə görüşü qapalı qapılar arxasında baş tutub.
Ərdoğan bildirib ki, Türkiyə Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlar prosesinə dəstəyi davam etdirəcək və Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə böyük önəm verir.
Türkiyə liderinin kommunikasiya idarəsinin məlumatına görə, görüşdə Türkiyə ilə Ukrayna arasında ikitərəfli münasibətlər, Rusiya-Ukrayna müharibəsində sülh yollarının axtarışı, eləcə də regional və qlobal hadisələr müzakirə olunub.
Ərdoğan vurğulayıb ki, regionun daha çox sülh və sabitliyə ehtiyacı var və Türkiyə bundan sonra da Ukrayna ilə Rusiya arasında danışıqları dəstəkləyəcək. O, həmçinin Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin və enerji təhlükəsizliyinin təmin olunmasının prioritet olduğunu qeyd edib.

