İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandanı İsmayıl Qaani İsrailin 2000-ci ildə Livandan çıxmasını xatırladaraq, Təl-Əvivin oxşar ssenari ilə üzləşə biləcəyini bildirib. Bu barədə o, Press TV telekanalının efirində danışıb.
Qaaninin sözlərinə görə, İsrail hazırda ölkənin cənub hissəsini tərk etməsə, Livandan çıxış zamanı yaşanan “rüsvayçı tarixin” təkrarı ilə qarşılaşmalı olacaq.
O xəbərdarlıq edib ki, “təcavüz və işğalın davam etməsi” İsrailin “alçaldılma və məğlubiyyətlə” bölgədən çıxarılması ilə nəticələnə bilər.
Qaani bu sözlərlə İsrail ordusunun 2000-ci il mayın 24-nə keçən gecə Livanın cənubundan çıxmasını nəzərdə tutub. Həmin vaxt İsrail qüvvələri “Hizbullah”ın irəliləyişi və Cənubi Livan Ordusunun sürətlə dağılması fonunda bölgəni tərk etmişdi.
Məlumata görə, həmin proses tələsik baş verib. İsrail ordusu bir neçə saat ərzində bufer zonadan çıxmış, bəzi silah və mövqelərini geridə qoymuşdu.

